Lazer hansı hallarda tətbiq olunur?
- Uşaqlıq yolunda quruluq və atrofiya — xüsusən menopauza dövründə
- Yüngül dərəcəli sidik qaçırma (stress tipli)
- Yüngül dərəcəli uşaqlıq yolu genişlənməsi
- Cinsi əlaqə zamanı quruluqla bağlı narahatlıq
- Təkrarlanan uşaqlıq yolu infeksiyalarında selikli qişanın bərpası
Lazer hansı hallarda uyğun deyil?
- Orta və ağır dərəcəli sidik qaçırma — cərrahi müalicə tələb olunur
- Nəzərəçarpan uşaqlıq yolu genişlənməsi və divar sallanması
- Aktiv infeksiya və iltihab zamanı — əvvəlcə müalicə aparılır
- Hamiləlik dövründə
- Uşaqlıq boynunda araşdırılmamış patoloji dəyişiklik olduqda — əvvəlcə diaqnostika
Prosedur necə keçir?
Kəsik və tikiş tələb etmir, adətən keyitmə olmadan aparılır. Bir seansın müddəti təxminən 15 dəqiqədir.
Şikayətin dərəcəsindən asılı olaraq 1–3 seans planlaşdırılır; seanslar arasında bir həftə fasilə verilir. Prosedurdan bir saat sonra evə qayıtmaq mümkündür. Prosedur zamanı əksər xanımlar yalnız istilik hissi qeyd edir. Bununla belə, həssaslıq fərdidir və yüngül narahatlıq mümkündür.
Prosedurdan sonra
Gündəlik həyata dərhal qayıtmaq olar. 5–7 gün cinsi əlaqədən, hovuz və hamamdan çəkinmək tövsiyə olunur. Nəticə bir neçə həftə ərzində tədricən formalaşır, çünki kollagen sintezi vaxt tələb edir.
Nə gözləmək olar, nə gözləmək olmaz
Lazer selikli qişanın vəziyyətini yaxşılaşdırır və yüngül şikayətlərdə real fayda verir. Lakin cərrahi bərpanı əvəz etmir: dayaq quruluşunun pozulması, divar sallanması və ya doğuş travması olduqda lazerdən gözlənilən nəticə alınmır.
Əvvəlcə müayinə
Prosedura başlamazdan əvvəl müayinə ilə şikayətin dərəcəsi müəyyən edilir. Eyni şikayət bir xanımda lazerlə, digərində isə yalnız cərrahi yolla həll oluna bilər.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.
Müayinədən sonra qərar verək
Lazerin sizə uyğun olub-olmadığını müayinə göstərəcək. Sualınızı WhatsApp vasitəsilə yazın.