Suallar

Tez-tez verilən suallar

Qəbullarda ən çox eşitdiyim suallar və qısa cavabları. Burada cavabını tapmadığınız sualı WhatsApp vasitəsilə yaza bilərsiniz.

Ginekoloji müayinə

Ginekoloqa nə qədər tez-tez getmək lazımdır?

Cinsi həyatı olan hər qadına ildə ən azı bir dəfə profilaktik ginekoloji müayinə tövsiyə olunur. Şikayət olmadıqda belə — çünki uşaqlıq boynunun xərçəngönü dəyişiklikləri və bir çox infeksiya uzun müddət heç bir simptom vermir. Risk amilləri olduqda həkim daha sıx nəzarət təyin edə bilər.

Müayinə aybaşının hansı günündə aparılmalıdır?

Planlı ginekoloji müayinə üçün ən uyğun vaxt aybaşı bitdikdən sonrakı günlərdir — adətən siklin 7–10-cu günləri. PAP test və kolposkopiya da bu dövrdə aparılır. Aybaşı qanaxması zamanı planlı müayinə aparılmır — istisna güclü qanaxma, kəskin ağrı və ya hərarət kimi təcili hallardır.

Bakirə qızlar ginekoloqa gedə bilərmi?

Bəli. Cinsi həyatı olmayan qızlarda müayinə fərqli üsulla — qızlıq pərdəsinə toxunmadan — aparılır. Aybaşı pozğunluğu, güclü ağrı, qeyri-adi ifrazat və ya artıq tüklənmə kimi şikayətlər zamanı müraciət mütləqdir.

Müayinəyə necə hazırlaşmalı?

Müayinədən 24 saat əvvəl cinsi əlaqədən, uşaqlıq yolu şam və kremlərindən, duşlanmadan çəkinin. Adi gigiyena kifayətdir. Əvvəlki analiz nəticələrinizi, ultrasəs rəylərinizi və qəbul etdiyiniz dərmanların siyahısını özünüzlə gətirin. Son aybaşınızın ilk gününü yadda saxlayın.

Şikayətlər

Uşaqlıq yolundan ifrazat normaldırmı?

Şəffaf və ya ağımtıl, qoxusuz, qaşınma yaratmayan az miqdarda ifrazat normaldır və uşaqlıq yolunun öz təmizlənmə mexanizminin bir hissəsidir. Rəngin (sarı, yaşıl, boz), qoxunun və miqdarın dəyişməsi, qaşınma və ya göynəmə isə müayinə tələb edir.

"Eroziya" diaqnozu nə deməkdir?

Uşaqlıq boynunun həqiqi eroziyası — selikli qişanın həqiqi defekti — qadınların yalnız kiçik bir hissəsində rast gəlinir. Müayinədə "eroziya" adlandırılan görüntünün əksəriyyəti ektopiyadır: daxili qişanın xaricə doğru yerdəyişməsi. Bu, çox vaxt norma variantıdır. Qərar PAP test və kolposkopiya nəticəsinə görə verilir.

Aybaşı gecikməsinin səbəbi nə ola bilər?

Ən çox rast gəlinən səbəb hamiləlikdir və ilk yoxlanmalı olan da budur. Digər səbəblər: polikistoz yumurtalıq sindromu, qalxanabənzər vəzin funksiya pozğunluğu, kəskin çəki dəyişikliyi, stress, intensiv idman, bəzi dərmanlar və menopauzaya keçid dövrü. Gecikmə təkrarlanırsa, müayinə lazımdır.

Cinsi əlaqə zamanı ağrının səbəbi nədir?

Ağrı normal deyil və səbəbi araşdırılmalıdır. Ən çox rast gəlinən səbəblər: iltihabi proseslər, uşaqlıq yolunda quruluq, endometrioz, kiçik çanaqda bitişmələr, doğuş və ya əməliyyat çapıqları, vaginizm, xoşxassəli törəmə və kistalar. Səbəb müəyyən edildikdə əksər hallarda müalicə olunur.

HPV müsbətdirsə xərçəng olacağam?

Xeyr. HPV çox geniş yayılıb və əksər hallarda orqanizmin müdafiə sistemi virusu 1–2 il ərzində özü zərərsizləşdirir. Xərçəng riski yüksək riskli tiplərin uzun illər davam edən infeksiyasında və nəzarətsiz qaldıqda yaranır. Müsbət nəticə müntəzəm nəzarət deməkdir.

Hamiləlik

Hamiləlik nə vaxt təyin oluna bilər?

Qanda XG hormonu ən tez aybaşı siklinin təxminən 24-cü günündə təyin olunur. Aptek testi isə sidikdə XG-ni aşkarlayır və ən tez aybaşının gözlənildiyi gün nəticə verir; bəzən 1–2 gün əvvəl zəif müsbət göstərir. Nəticə müsbətdirsə, həkimə müraciət edin.

Uşaq əmizdirərkən hamilə qalmaq mümkündürmü?

Bəli. Əmizdirmə zamanı prolaktin hormonu yumurtlamanı boğur və doğuşdan sonrakı ilk aylarda — təxminən 4–6 ay — qoruyucu təsir göstərir. Lakin əlavə qidalanma başladıqda və əmizdirmə seyrəldikdə bu müdafiə zəifləyir. Yumurtlama ilk aybaşıdan əvvəl də baş verə bilər, buna görə kontrasepsiya üsulunu vaxtında həkimlə müzakirə etmək lazımdır.

Hamiləlikdə dəmir niyə vacibdir?

Hamiləlik dövründə orqanizmin dəmirə ehtiyacı əhəmiyyətli dərəcədə artır. Çatışmazlıq halsızlıq, tez yorulma, ürəkdöyünmə və diqqətin cəmlənməməsi ilə özünü göstərir; körpənin inkişafına və doğuş sonrası qanaxma riskinə təsir edir. Səviyyə qan analizi ilə izlənilir, müalicə həkim tərəfindən təyin olunur.

Estetik ginekologiya

Estetik ginekoloji əməliyyatlar yalnız görünüş üçündür?

Xeyr. Müraciətlərin böyük hissəsi funksional şikayətlərlə bağlıdır: sürtünmə və ağrı, cinsi əlaqə zamanı narahatlıq, təkrarlanan infeksiyalar, gigiyenanın çətinləşməsi, sidik qaçırma, doğuş travmalarının nəticələri. Görünüşlə bağlı narahatlıq da real bir səbəbdir, lakin qərar həmişə müayinədən sonra verilir.

Bu əməliyyatlar sonrakı hamiləliyə mane olurmu?

Labioplastika hamiləliyə və doğuşa mane olmur. Vaginoplastikada isə vəziyyət fərqlidir: sonrakı təbii doğuş əməliyyatın nəticəsini dəyişə bilər, buna görə də bu əməliyyat adətən doğuş planlaşdırmasının başa çatdığı dövrdə tövsiyə olunur.

Lazer, yoxsa əməliyyat?

Bu, şikayətin dərəcəsindən asılıdır. Lazer selikli qişa dəyişiklikləri, quruluq və yüngül genişlənmələrdə nəticə verir. Nəzərəçarpan genişlənmə, divar sallanması, doğuş cırıqları və çapıqlar isə cərrahi bərpa tələb edir. Müayinəsiz bu suala cavab vermək mümkün deyil.

Əməliyyatdan sonra nə qədər istirahət lazımdır?

Labioplastikadan sonra adətən 3 gün evdə istirahət kifayət edir və bir çox xanım bir həftədən sonra iş həyatına qayıdır. Vaginoplastika daha uzun bərpa tələb edir — bir həftə istirahət, 6–8 həftə cinsi istirahət. Müddət fərdidir və əməliyyatın həcmindən asılıdır.

Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.

Sualınızın cavabını tapmadınız?

Sualınızı WhatsApp vasitəsilə yazın.

Sualınızı yazın